Hərəkətli ortalar və Bollincer zolaqları
Hərəkətli orta (MA) son bir neçə dövrün orta qiymətini göstərir və qrafikdəki səs-küyü hamarlayır. Bu, trendin istiqamətini görməyin ən sadə yoludur.
Növləri
- Sadə (SMA) — son n dövrün bağlanış qiymətlərinin adi ortası. Bütün dövrlərə eyni çəki verir.
- Çəkili (WMA) — son dövrlərə daha böyük çəki verir, ona görə qiymətə daha tez reaksiya göstərir.
- Eksponensial (EMA) — həm son dövrləri önə çəkir, həm də bütün keçmiş məlumatı nəzərə alır. Trend bazarında yaxşı işləyir, yan hərəkətdə isə çoxlu yanlış siqnal verir.
Period seçimi
- Kiçik period (məsələn, 9) qiyməti tez izləyir, amma yanlış siqnalları çox olur.
- Böyük period (məsələn, 89 və ya 200) daha etibarlıdır, amma dönüşü gec göstərir.
- Yan hərəkətdə uzun periodlu ortalar daha sakit nəticə verir.
Kəsişmə siqnalı
İki fərqli periodlu orta bir-birini kəsəndə (məsələn, qısa olan uzun olanı yuxarı kəsir) bu, trendin dəyişməsi ehtimalına işarədir. Siqnalı tək başına qəbul etmə: əsas trendin istiqaməti ilə üst-üstə düşəndə daha etibarlı olur.
Bollincer zolaqları
Mərkəzdə hərəkətli orta, onun üstündə və altında isə qiymətin dalğalanma dərəcəsinə görə açılıb-yığılan iki zolaq yerləşir. Bazar sakitləşəndə zolaqlar daralır, hərəkət güclənəndə genişlənir.
- Qiymət zolaqların arasında gedirsə, aydın siqnal yoxdur.
- Zolağın kənarını qırmaq güclü hərəkətə işarə ola bilər, lakin tək başına alış və ya satış əmri deyil.
- Uzun müddət davam edən daralma çox vaxt kəskin hərəkətdən əvvəl olur.
İndikator qiymətdən sonra gəlir, onu qabaqlamır. Ona görə ilk baxılan şey qrafikin özü — trend, dəstək və müqavimət — olmalıdır; indikator yalnız təsdiq üçündür.