Elliott dalğaları və Fibonaççi səviyyələri
Dalğa nəzəriyyəsinə görə bazar təsadüfi deyil, iştirakçıların kütləvi psixologiyası nəticəsində təkrarlanan formalarla hərəkət edir. Tam dövr səkkiz dalğadan ibarətdir: trend istiqamətində beş dalğa və ondan sonra üç korreksiya dalğası.
Dalğaların xarakteri
- 1-ci dalğa — çox vaxt əvvəlki trendin içində, sakit şəkildə başlayır və ən kiçik dalğalardandır.
- 2-ci dalğa — birincinin böyük hissəsini geri alır, amma onun başlanğıcından aşağı düşmür.
- 3-cü dalğa — adətən ən uzun və ən dinamik dalğa. Heç vaxt ən qısası ola bilməz; həcm bu dalğada artır.
- 4-cü dalğa — korreksiya xarakterlidir və 1-ci dalğanın zirvəsi ilə kəsişməməlidir.
- 5-ci dalğa — 3-cüdən zəifdir; bu mərhələdə indikatorlarda divergensiya tez-tez görünür.
Fibonaççi nisbətləri
Fibonaççi ardıcıllığında hər rəqəm özündən əvvəlki ikisinin cəmidir: 1, 2, 3, 5, 8, 13, 21, 34, 55, 89. Qonşu rəqəmlərin nisbəti 0,618-ə, bir addım aralıdakıların nisbəti isə 0,382-yə yaxınlaşır.
Treydinqdə bu nisbətlər korreksiya səviyyələri kimi istifadə olunur: hərəkətin təxminən 38%, 50% və 62%-i. Qiymət güclü hərəkətdən sonra çox vaxt bu səviyyələrin birinə qədər geri çəkilir və trend orada davam edə bilər.
Praktikada necə istifadə etməli
- Səviyyələri dəqiq nöqtə yox, zona kimi qəbul et.
- Fibonaççi səviyyəsi dəstək və ya müqavimətlə üst-üstə düşəndə daha dəyərlidir.
- Yalnız Fibonaççiyə əsaslanaraq əməliyyat açma — təsdiq üçün şam formaları və ya indikator lazımdır.
Dalğaları saymaq subyektivdir: eyni qrafikə baxan iki treyder fərqli nömrələmə edə bilər. Bu nəzəriyyəni dəqiq proqnoz aləti kimi deyil, bazarın hansı mərhələdə ola biləcəyini təsəvvür etmək üçün çərçivə kimi işlət.